17-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi

11 - 13 iyun 2018 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

TransCaspian / Translogistica - 13 oktyabr - dəmiryolu işçilərinin peşə bayramı günüdür

13 oktyabr - dəmiryolu işçilərinin peşə bayramı günüdür
13.10.2017

Xəbərlər

13 oktyabr - dəmiryolu işçilərinin peşə bayramı günüdür.

Bu bayram Prezident İlham Əliyevin 2005-ci il 7 oktyabr tarixli Sərəncamı ilə təsis edilmişdir.

Qeyd edək ki, Azərbaycanda yük və sərnişin daşımalarını həyata keçirən dəmiryolu nəqliyyatının yaranma tarixi XIX əsrin sonlarına təsadüf edir. Azərbaycanda neft sənayesinin inkişafı bunun daşınma zəruriyyətini yaratmışdır. Bu istiqamətdə polad magistralının əsası 1878-ci ildə qoyulmuşdur. 20 kilometr uzunluğunda olan Bakı-Suraxanı-Sabunçu xətti çəkilmiş və 1880-ci ildə istifadəyə verilmişdir.

Uzun müddət Zaqafqaziya dəmiryolunun tərkibində Bakı hissəsi kimi fəaliyyət göstərən Azərbaycan dəmiryolu keçmiş SSRİ Nazirlər Sovetinin 1955-ci il 11 oktyabr qərarı ilə Ümumittifaq Yollar Nazirliyinin tərkibindən ayrılaraq müstəqil dəmiryolu kimi fəaliyyətini davam etdirmişdir.

130 illik önəmli bir dövr yaşayan Azərbaycan dəmiryolu çox əzəmətli fəaliyyət yolu keçmişdir. Bu yol ümummilli lider Heydər Əliyevin qayğı və diqqəti sayəsində keçən əsrin 70-80-ci illərində öz tərəqqisinin zirvəsinə çatmışdır. Ulu öndərin rəhbərliyi ilə ölkəmizin nəqliyyat sistemi daim diqqət mərkəzində saxlanılmış, ən böyük çeşidləyici stansiya olan “Şirvan” stansiyası, Yevlax–Balakən, Güzdək-Qaradağ dəmiryolu xətləri inşa edilərək istismara verilmişdir. Dəmiryolu vasitəsilə daşınan yüklərin həcmi həmin dövrlərdə 80-90 milyon tona çatdırılmışdır.

XX əsrin 90-cı illərinin əvvəllərində sovetlər ittifaqı dağıldıqdan sonra dəmiryolu sahəsi tənəzzülə uğrasa da, ümummilli lider Heydər Əliyevin xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdışı ilə ölkənin polad şəbəkəsi sistemi dirçəliş dövrünə qədəm qoymuşdur. Dəmir yolunun idarəetmə strukturları dəyişdirilmiş, xidmət və şöbələrin bazasında müstəqil idarə edilən istehsalat birlikləri, müəssisə və təşkilatlar yaradılmışdır. Ölkədaxili, qonşu ölkələrə sərnişin daşımanın yüksək səviyyədə təşkil olunması üçün yeni vaqonlar alınaraq istifadəyə verilmiş, qonşu ölkələrin dəmir yolları ilə iqtisadi əlaqələr bərpa edilmişdir. Dəmiryolu vasitəsilə tranzit yüklərin daşınmasına da böyük əhəmiyyət verilmişdir. 1996-cı ildən hazırkı dövrədək ölkə ərazisindən dəmiryolu vasitəsilə daşınan tranzit yük dövriyyəsi ilbəil artmışdır.

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir dövrün iqtisadi islahatları Azərbaycan dəmiryolunun tərəqqisinə də öz müsbət təsirini göstərmişdir. Tbilisidə xalqlar arasında körpü rolunu oynayacaq Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi ilə bağlı sazişin 2007-ci il fevralın 7-də imzalanması tarixi hadisədir. Bu layihə Xəzər hövzəsi regionunun və Mərkəzi Asiya ölkələrinin Avropa ilə bilavasitə nəqliyyat əlaqələrinin qurulmasına, yük və sərnişinlərin Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə birbaşa Avropaya çıxışına və ölkəmizin Avropaya inteqrasiyası prosesinin sürətləndirilməsinə xidmət edəcəkdir.

Dəmiryolu nəqliyyatının inkişafının beynəlxalq standartlar səviyyəsinə çatdırılması məqsədi ilə dövlətimizin başçısının “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında 2009-cu il 20 iyul tarixli Sərəncamı gələcəkdə ölkəmizin dəmiryolunda islahatların aparılması, bu sahədə mövcud infrastrukturu və dəmiryolu nəqliyyatı vasitələrinin müasirləşdirilməsinə imkan verəcəkdir.

Hazırda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti beynəlxalq və regional layihələrdə iştirak etməklə öz infrastrukturunu qoruyub saxlayır, əhalinin, dövlət strukturlarının daşımalara olan tələbatının ödənilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir.


Xəbərlər

Bütün xəbərlər